Kölgə Bankçılığı və onun maliyyə sistemində rolu

Kölgə bankçılığı (Shadow banking) qlobal maliyyə böhranına səbəb olacaq çoxlu sayda maliyyə sistemi səhvlərini özündə xarakterizə edir. Bu termin ilk dəfə 2007-ci ildə maliyyəçi Paul McCulley tərəfindən Federal Ehtiyat Sisteminin (FED) ev sahibliyi etdiyi illik maliyyə simpoziumunda səsləndirilmişdir. McCulley çıxışında kölgə bankçılığını qeyri-bank təşkilatlarının istifadə etdiyi ödəmə müddəti (maturity transformation) ilə eyniləşdirirdi. Belə ki, kölgə bankçılığı da kommersiya bankları kimi depozitləri qısamüddətli qəbul edir və uzunmüddətli borc verir. Onlar bu vəsaitlə qiymətli kağızlar bazarında qısamüddətli fond yaradır və bu fondları uzunmüddətli aktivlər almaq üçün istifadə edirlər. Lakin, onlar ənənəvi bankçılıq qanunlarına tabe olmurdular.

Kölgə banklçılığı ilk dəfə ekspertlərin diqqətini ev ipotekalarının qiymətli kağızlara çevrilməsi nəticəsində cəlb etmişdir. “Qiymətli kağızlar zənciri” ipotekanın yaranması ilə başlanıldı və sonra bir sıra maliyyə şirkətləri tərəfindən alınıb satılmağa davam etdi. Qiymətli kağızların dəyəri ipoteka kreditinin dəyəri ilə müəyyən edilir və ipotekaya dayanan səhmlərin faizləri ev sahiblərinin ödədikləri kreditlərdən ödənilirdi.

Kölgə bankçılığının tam tərifini versək:

Kölgə bankçılığı ənənəvi banklarla eyni funksiyaları yerinə yetirən, ancaq ənənəvi bank qanunlarına tabe olmayan, qoyulan depozitlər dövlət tərəfindən sığortalanmayan və hər hansı fors-major hallarda dövlət tərəfindən kredit verilməyən maliyyə qurumudur.

2009-cu ildə əsası qoyulmuş Maliyyə Sabitliyi Palatası (Financial Stability Board),  kölgə bankçılığını maliyyə vasitəçisi hesab etmiş və Palataya görə kölgə bankçılığı aşağıdakı funksiyaları yerinə yetirir:

  • Ödəmə müddəti (maturity transformation): Uzun müddətli aktivlərə investisiya etmək üçün qısa müddətli fondların cəlb edilməsi.
  • Likvidlik (Liquidity transformation): Nağd öhdəliklərdən istifadə edərək, kredit kimi çətin satılan aktivlərin alınması.
  • Leverec (Leverage): Borclanma nəticəsində uzunmüddətli gəlir götürmək üçün əsas vəsaitlərə investisiyanın qoyulması.
  • Kredit riski transferi (Credit risk transfer): Borc alanın defolt riskinin borc verəndən başqasına transfer edilməsi.

Axırıncı maliyyə böhranında problemlər ortaya çıxmazdan əvvəl kölgə bankçığı yaxşı inkişaf edirdi. Bu problemlər nəticəsində, bəzi investorlar artıq ürkək davranmağa və öz fondlarını geri çəkməyə başlamışdılar. İnvestorların vəsaitlərini geri qaytarmaq üçün isə kölgə bankları öz aktivlərini satmağa başlamış və bu təcili satışlar (Fire sales) nəticəsində kölgə banklarının aktivləri ciddi şəkildə azalmışdı. Bu hal isə, maliyyə bazarında kölgə banklarının aktivlərinin dəyərdən düşməsinə səbəb oldu və nəticədə, kölgə banklarının aktivləri dəyərindən çox aşağı satılırdı. Böhranın pik mərhələsində isə çoxlu investorlar kölgə banklarına investisiya etməkdən boyun qaçırmış və nəticədə, bununla məşğul olan çoxlu banklar və bank olmayan təşkilatlar ağır vəziyyətə düşmüşdülər.

Kölgə bankları dövlət orqanlarına heç bir hesabat vermədiyi üçün onların ölçüsünü müəyyən etmək mümkün deyil. Kölgə bankçılığı ən çox ABŞ-da yayılmışdır. FED 2010-cu ildən etibarən belə banklar barədə məlumat toplamağa başlamış və 2012-ci ildə Maliyyə Sabitliyi Palatası kölgə bankçılığı ilə əlaqədar ikinci qlobal monitorinq keçirmişdir. Lakin, nəticələr heç də ürək açan olmamış və kölgə bankçılığından istifadə ABŞ-da yenə də pik həddə olmuşdur. Maliyyə Sabitliyi Palatasından verilən məlumata görə, 2007-ci ildə kölgə bankçılığına cəlb olunan vəsaitlər 62 trilyon dollar, maliyyə böhranı zamanı bu vəsaitlər 59 trilyon dollara enmiş, ancaq 2011-ci ildə yenidən 67 trilyon dollara qədər qalxmışdır.


Hüseyn Qasımzadə